Adam olmaq istəyirsən, amma səndən quş alınır-Kəramət Böyükçöl yazır…

0
19

Bəzən yalan o qədər istedadla yazılır, o qədər gözəl deyilir ki, həqiqət onun yanında xəcalət çəkir, başını aşağı dikir. Məsələn, görürsən ki, bir yazıçı həqiqəti bar-bar bağırır, amma səsi eşidilmir. Çünki yaradıcı adam deyil, istedadı, yəni ilahi biliyi, öz işığı, səsi, içinin nəğməsi yoxdur.

Ancaq başqa bir istedadlı yazıçı öz yalanına hamını necə asanlıqla inandırır, adam dəhşətə gəlir. Şübhəsiz, istedadlı bir insan həqiqətə xidmət edəndə, xeyrin yanında olanda daha möhtəşəm, əzəmətli görünür, ancaq mənim demək istədiyim tamamilə başqadır: istedadın gücü o qədər böyükdür ki, o, hətta yalana, şərə də xidmət etsə, həqiqətdən daha inandırıcı görünə bilir. 

Tez-tez işlətdiyim bir cümləni təkrarlamaq istəyirəm: elə adamlar var, istəyir ki, istedadlı olsun, elə adamlar da var, istedadından canın qurtara bilmir. Və həmişə düşünmüşəm ki, yaradıcılıq, bəlkə də, istedadından canını qurtara bilməməkdir, istedadından xilas olmaq cəhdləridir.

Yazdığın hansısa gözəl bir hekayə, roman, esse, adicə köşədən sonra yaşadığın rahatlıq duyğusu sənin sanki adi insan olmaq uğrunda apardığın mübarizənin nəticəsidir, alınan cəhdindir. Özünü kilosu bir manata olan pomidoru beş manata satan adam kimi şən və xoşbəxt hiss edirsən. 

Yəni sən insan olmağa can atırsan, var gücünlə çalışırsan ki, adi məişət qayğıları ilə yaşayan bir adam olasan, adam balası kimi səhər evdən çıxıb işə gedəsən, işdən evə qayıdasan, atanı hamı kimi sevəsən, ananı, arvad-uşağını hamı kimi çox istəyəsən. Görürsən ki, sonacan alınmır.

Sən adam olmaq istəyirsən, amma səndən quş alınır, balıq, it alınır. Yəni özünü it üzünə çevirib yaşayırsan, sonra balıq, dovşan üzünə çevirib yaşayırsan, ətraf da baxır ki, bu adam deyil, balıqdır, quşdur, itdir… 

Hərdən oturub yaşamağın düsturu haqqında düşünürəm, necə edəsən ki, qalxdığın, yaxud yerin dibinə kimi endiyin informasiya məkanlarından xilas olub sənə yazılan ömrün, heç olmasa, onca ilini rahat yaşayasan. Təbii, söhbət mənəvi, ruhi rahatlıqdan gedir və bu da cəmiyyətlə, ətraf aləmlə sıx şəkildə bağlıdır deyə və sən də bir az hissiyyatlısan, anlayırsan, dərkin var deyə o mənəvi-ruhi rahatlıq mümkün deyil. 

Bəs yol nədir? Tez-tez dostlarıma məsləhət görürəm ki, həyata üz verməyin, üz verdikcə qudurur. Onu üzdən yaşayın, dərinə getməyin.

Görəndə ki sən onu vecinə almırsan, özü çəkilib gedir. Amma həyatı şüurlu şəkildə vecinə almamaq mümkündürmü? Ona görə də özümə bir nadan xoşbəxtliyi, nadan dözümü, nadan iradəsi, pomidor, qarpız satan xoşbəxtliyi arzulayıram. Arzulayırsan, alınırmı? Bilirəm, heç vaxt alınmayacaq, ancaq mən həmişə cəhd edəcəyəm, adi insan olmaq uğrunda sonacan mübarizə aparacağam. Baxmayaraq ki, alt-üst olmuş ümidlərlə yaşamaq çox çətindir. 

Adamlara baxırsan, görürsən ki, onların arasında ayıq başla yaşamaq mümkün deyil, içkiyə sığınırsan. Çünki içki sənə ideyalar verir.

Adamlardan, məişətdən, dedi-qodulardan, qadın mənasızlığından, ata-ana, qohum-əqrəba öyüd-nəsihətindən, inancından azad olursan. O ruhi məkandan, təmizlikdən saxta dostlara, saxta sevgilərə, saxta münasibətlərə, çörəyi yalanla yalanın davasından çıxan adamlara enmək – ayılmaq istəmirsən. Bilmirəm, anlada bildimmi? 

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN