“BAŞ ÜSTƏ” kəlməsinin sehri…Günel Yaz

0
9

Ömrünüz boyu sizə məsləhət verənlər çox olacaq. Hamını dinləyin. Amma unutmayın ki, hər bir adam öz yaşadıqlarından, gördüklərindən çıxış edir.
Siz heç kimin təcrübəsini təkrarlaya bilməzsiniz. Sizə düşən bu təcrübələrdən düzgün nəticə çıxarmaqdır, ağılla faydalanmaqdır. Peşəkarlığına, səmimiliyinə inandığınız adamın məsləhətlərini dinləyin və tapşırıqlarına “BAŞ ÜSTƏ” deməyi bacarın. Ona güvənin! Onun sizin üçün cızdığı yolda inamla, yorulmadan irəliləyin.
Bunun üçün güc lazımdır – həm fiziki, həm mənəvi. Güclü olmaq çox vaxt həm də psixoloji cəhətdən hazır olmaq deməkdir. Həyatın yolları həmişə dümdüz olmur, qarşınıza enişli-yoxuşlu, sərt döngələr də çıxacaq. O, sizə maneələri necə dəf edə biləcəyinizi öyrədəcək. İradə və səbir aşılayacaq. Sizi psixoloji cəhətdən hər çətinliyə hazırlayacaq. Kənardan motivasiya, mənəvi dəstək çox qiymətlidir. O, sizi gənc, enerjili, xəyalpərvər vaxtınınzda ruhdan düşməməyə, heç nədən imtina etməməyə vadar edəcək. Bəli, vadar edəcək. Əgər uğur qazanmaq və xəyallarınızı gerçəkləşdirmək istəyirsinizsə, ona “BAŞ ÜSTƏ” deməyi bacarmalısınız. Bu, sizin həyat prinsipiniz olmalıdır. Ona inanmalısınız. Yorulmaq isə sizin haqqınız deyil. İnanın, vaxt yoxdur! Hər iş öz zamanında gözəldir. Bunu öz təcrübənizdə yaşayıb peşman olmaqdansa, ağıllı məsləhətə əməl etmək yaxşıdır. Yoxsa öz planlarınızı gerçəkləşdirmək üçün ideal zamanın və şəraitin yaranmasını gözləyərək, sonda heç nəsiz qala bilərsəniz.
“BAŞ ÜSTƏ” – sənə bütün varlığımla sığınıb, məni aparacağın o işıqlı yolun sonuna inanıram deməkdir. Yəqin hər birinizin həyatında bu sözü deyəcəyiniz biri var.
“Özü doğru olanın sözü də doğru olar” deyiblər.
Həyatınızda özü, sözü düzgün insanlar varsa, çalışın onları itirməyin.
Arzunuzu, məqsədinizi, nə istədiyinizi aydın bilməyiniz çox vacibdir. Bu zaman kimin sözünə dəyər verəcəyinizi, kimə “BAŞ ÜSTƏ” deməli olduğunuzu da anlayacaqsınız. Əgər siz həqiqətən də zəngin olmaq istəyirsinizsə, uğursuz adamlardan maliyyə məsələləri barədə məsləhətlər almağı tərgidin. Əgər dağın başına dırmanmaq istəyirsinizsə, alpinistlə məsləhətləşin, təyyarə sürmək istəyirsinizsə, pilotla. Həm də ən yaxşılarıyla.
Çalışın, özünüzdən təcrübəli insanlarla daha çox ünsiyyət qurun. Yaşıdlarınızda öyrənməli az şey tapacaqsınız. Yaşlı və təcrübəli biri ilə ünsiyyət qurduğunuz zaman daha çox şey öyrənəcəksiniz. Onlar sizin öyrənmək istədiklərinizi çoxdan bilirlər. Arzuladığınız yolları çoxdan keçiblər. Onlarla ünsiyyət qurmaqla, məsləhətlərindən faydalanmaqla gələcəkdə buraxa biləcəyiniz səhvlərin qarşısını indidən ala bilərsiniz. Onların məsləhətlərini dinləyin və əməl edin.
Müşkül iş yoxdur, sadəcə, öyrənmək istəməmək var, ərincəklik, tənbəllik var. Həyatınızda hər şeyi öz yerinə qoya bilsəniz, heç nə bir-birinə mane olmayacaq. Əlbəttə, ilk vaxtlar çətin olacaq. Eyni vaxtda çox işlə məşğul olmaq, həm də uğur qazanmaq asan deyil. Amma sizə güc, inam verən, hər an yanınızda dayanan, sizdən öz məsləhətlərini əsirgəməyən biri varsa, rahat olun. Unutmayın, dünyada heç bir qüvvə sizə inam verən bu hissdən güclü ola bilməz.  O, sizə bacardığınız işi ən yüksək səviyyədə həyata keçirməyi öyrənməkdə yardım edəcək. Çünki yalnız özünüzü təkmilləşdirmək üçün seçdiyiniz sahənin incəliklərini dərindən mənimsəmək lazım olduğunu bilir. Bunun üçün də davamlı olaraq sizdən oxumaq, öyrənmək, dayanmamaq, fədakarlıq tələb edəcək. Siz sadəcə, “BAŞ ÜSTƏ” deyib, bunlara əməl etsəniz, zaman keçdikcə daha sürətlə uğur qazanacaqsınız. Haçan peşəkara çevrildiyinizdən də xəbəriniz olmayacaq. Sanki hər şey göz qırpımında baş verib. Amma siz bu məqama çatmaq üçün çox zəhmət çəkmisiniz. Və Ona inamınız və enerjiniz sizi yarı yolda qoymayıb. Bax onda siz inamın və tabe olmağın verdiyi gücü hiss edəcəksiniz. İçinizdə bitib-tükənməyən enerji yaranacaq, həyat sizi mükafatlandırmağa başladıqca,  dodaqlarınızda bitən həmin o “BAŞ ÜSTƏ” kəlməsinin sehrinə heyran qalacaqsınız.
Əgər verilən məsləhətlərə “BAŞ ÜSTƏ” deyib, “mən bunu bacaracağam” prinsipini əsas tutaraq öz həyat yolunuzda ardıcıl irəliləsəniz, mütləq uğura imza atacaqsınız. Ən əsası, başlamaqdır. “Bu iş mənə görə deyil” prinsipi ilə hərəkət etmək uğurlu karyeranı başlamadan bitirmək deməkdir. Onun hər dediyi işə yetişməyiniz lazımdır. “Mən bunu bacara bilmərəm” desəniz, hər ikinizdə xəyal qırıqlığı yaranar və indiyə kimi sizi birləşdirən bütün tellər qırıla bilər. Ən əsası da Onun sizə olan inamını itirmək təhlükəsi ilə üzləşə bilərsiniz. “BAŞ ÜSTƏ” demək asandır, ancaq buna hər insan sona kimi əməl edə bilmir. Amma düşünün, onun apardığı bu yolda siz bütün arzularınıza çatacaqsınız, yetişəcəksiniz. O, bunun üçün sizdən sadəcə Ona inanmağınızı istəyir.
Uğura gedən yolu sizin üçün işıqlandıracaq birinin olması güc mənbəyinizdir. Çalışın, qaranlığa düşməyəsiniz. Onun verdiyi inam sizin qanadlarınız olacaq. Yetər ki, siz sadəcə, “BAŞ ÜSTƏ” deyin!..
Günel YAZ

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN