Bizi 25 yaşında öldürənlər – Tural Rüstəmli yazır…

0
1

1az.az Tural Rüstəmlinin “Əlidən necə yaxşı olmalı?” yazısını təqdim edir.

Biz çox işləyirik, zəhmətkeş millətik, ancaq sorğulamaq bacarığımız olmadığı üçün bir an dayanıb “bu mənə həqiqətən lazımdırmı?” demirik. Fiziki olaraq göstərmək üçün uğur dalınca qaçırıq. Pərakəndə də olsa, uğur qazanım, nəsə eləyim və ətrafımdakı insanlar görsünlər ki, mən bunu edirəm. Ətrafımdakı insanlar…

Lazımsız, bir o qədər də təhlükəli məfhumdur. Dünyadakı heç bir zəhərli maddə bizə bu anlayış qədər ziyan verə bilməz. Bu düşüncə tərzini həyatımızın mərkəzinə qoyduqdan sonra təsirindən çıxmaq çətin olur. Uşaqlıqdan da başlaya bilir, gənclik zamanlarında da, orta yaşda da.

Uşaqlıqda ailəmiz bizi qonşunun uşağı ilə müqayisə etdiyi üçün müqayisədə rol oynayan faktorlara əsaslanıb özümüzü sübut etməyə çalışırıq. Beynimiz bizə lazım olmayan şeylərə enerji xərcləyir və yeganə hədəfimiz evdəkilərdən “afərin, sən qonşunun oğlu Əlidən yaxşısan” cümləsini eşitməyə fokuslanır. Bircə dəfə də olsun “Mənə Əlidən yaxşı olmaq lazımdırmı? Ümumiyyətlə, Əli ilə müqayisə edilməyim düzgündürmü?” sualını ağlımıza gətirmirik. Məsələnin çox dərininə enməyəcəm, burda başqa faktorlar da rol oynayır, əlbəttə…

Universitetə daxil olarkən eyni mexanizm işə düşür. Valideynlərimizin kiminsə yanında “uşağımız hüquqda oxuyur” demək ehtirası ucbatından istəklərimizi kənara qoyuruq.

İnsafən, həmin vaxt başqa cür düşünmək ağlımıza gəlmir. Soruşmuruq ki, mən özümü onlara sübut etməliyəm, ya özümə?

İstəmədiyimiz “lazım olan” ali məktəbə daxil olduğumuz an əslində, fərqinə varmadan 4 ilimizin üstündən xətt çəkirik. Özümüzü haqlı çıxarmaq üçün səbəbimiz də var: “Əsas daxil olmaqdır, mən də daxil olub özümü sübut etdim!”

Əgər bu davranış uşaqlıqdan başlayıbsa, yanlış düşüncə artıq beynin böyük hissəsində yer edib və bunun əksini gözləmək mənasızdır. Ona görə də bu gün yollarda gördüyümüz tələbələrin arxa cibində bükülmüş və 90 faizinin içində mühazirə yerinə çayxanada oynadıqları dominonun hesabı yazılan dəftərlər var. Növbəti müqayisə üçün 4 il gözləmək lazım gələcək…

Universitet bir şəkildə bitir, yarı yaxşı, yarı pis məzun oluruq. Sıra iş həyatına gəlir, o da tanışlıq və s. ilə həll edilir. Uşaqlıqdan bəri həyatımızı yalnız müqayisələr üzərində qurduğumuz və yanlış düşüncə tamamilə nüfuz etdiyi üçün özümüzə rəqib axtarmağa və başqalarının gözündə rəğbət duyulan bir insan olmağa çalışırıq. Çünki “belə olmalıdır”.

Heç kim indiyə qədər bizi sırf yaxşı insan olduğumuza görə sevmədiyi üçün sevilməyin tək yolunun hər hansı bir “uğur”, əllə tutulan fiziki bir anlayış olduğuna inanmışıq.

Etdiyimiz hər hərəkəti paylaşmağa və “baxın mən bunu edirəm” deməyə başlayırıq. Bir çoxumuz sırf “mən kursa gedirəm” demək üçün kurslara yazılır, ancaq bir dəfə də oturub soruşmuruq ki, nəticəsi nədir, yaxud, bu mənə lazımdırmı? Aramızda özünə qarşı səmimi olanlar varsa, bunu etiraf etməyə çəkinməz.

Bu davranış, təbii ki, sonrakı mərhələyə də keçir. Məsələn, evlənəndə. Toyu hamı görməlidir və hamıdan “vauu super toy idi!” sözünü eşitməliyik. Axı, biz bu zövqü yaşamalıyıq! Axı, biz həyatımız boyu bircə dəfə evlənirik! Soruşmuruq ki, mənim bu toyu etməyə imkanım varmı? Yaxud, ümumiyyətlə, bu toyu etmək mənə lazımdırmı? Nəticədə hamımızın bildiyi ssenari təkrarlanır. Toydan borcla çıxırıq, bal ayına getmək arzumuz suya düşür və elə ilk gündən problem yaşanır. Və biz, gerçəkliyi illər sonra anlayırıq, ancaq gec olur, cəhd etsək də, nəticə dəyişmir. Yanlış düşüncə nüfuz edib artıq, soruşmaq, sorğulamaq bacarığımız iflic vəziyyətdədir.

Nəhayət, Tarkovskinin dediyi kimi, 25 yaşında ölüb, 75 yaşında dəfn olunuruq.Kulis.az

Tural Rüstəmli

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN