Mən valideynlərimi məhkəməyə verirəm… Kəmalə CAHİDQIZI yazır

1
1487

Bu yazıdan sonra bəlkə valideynlərim məni övladlıqdan çıxaracaq…

Bu yazıdan sonra qohum-əqrəbanın, bəlkə elə dost-tanışın da bəziləri mənimlə haqq-salamı kəsəcək…

Bu yazıdan sonra bəlkə indi mənim qınadığım cəmiyyət “nankor övlad” ittihamı ilə məni “topa tutacaq”…

Bu yazıdan sonra bəlkə indiki mövqeyim, statusum, nüfuzum da zədələnəcək, amma… fikrimdə qətiyəm: MƏN VALİDEYNLƏRİMİ MƏHKƏMƏYƏ VERİRƏM…

…Mən sovet təhsil-tərbiyə sisteminin böyütdüyü nəsildənəm. Şuşada böyümüşəm. Bizim dövrün uşaqları ATA-ANAya ALLAH kimi baxırdı. Valideynə etiraz etmək, sözündən çıxmaq nə həddimizə? Valideynin yox, Allahın qəzəbindən qorxurdum. Elə bilirdim ki, anam deyəni eləməsəm, 5-ci mərtəbədə yaşayan erməni qızı Jannanın saçını yolub onu ağladanda mənə elədiyi “atan-anan ölsün, yetim qal” qarğışını eşidəcək Allah.

Indi bu köhnə plan içini niyə tökürəm? Kimə maraqlıdır ki mənim uşaqlığım? Sadəcə məhkəməyə təqdim etmək istədiyim şikayət nitqimə keçid eləmək istəyirəm.

Beləliklə, ağlım kəsəndən bəri mənə ancaq və ancaq “tərbiyəli ol, gözütox ol, bacardığın qədər yaxşılıq elə, mərdiməzarlıq eləmə, son tikəni də paylaş, geyimə ehtiyacı olana paltarını, çörəyə möhtac olana yeməyini, pula ehtiyacı olana qazancını ver, əlsizə əl, ayaqsıza ayaq, kora göz, lala dil ol, sahib olmaq istədiyin nəyəsə daha çox haqqı olan varsa güzəşt et, səni ötüb irəli keçmək istəyənə badalaq vurma, çəkil, ötüb getsin, uşaqlara sevgi, qocalara qayğı göstər, savadsıza elm öyrət, bacarıqsıza istiqamət ver, yol göstər…uzun sözün qısası, bütün həyatın boyu VİCDANLI OL” deyən VALİDEYNLƏRİMƏ qarşı

İDDİA ƏRİZƏSİ

İDDİAÇI: MƏN

CAVABDEH: ANAM və ATAM…

 Möhtərəm hakim!

İcazə verin diqqətinizə çatdırım ki, mən bütün həyatım boyu vicdanlı olmağın əziyyətini çəkmişəm. Bugünkü əziyyələrimin məsuliyyəti də birbaşa “ATAM-ANAM” qruplaşmasının üzərindədir.

Uşaq olanda məni velosipedlə vurub əzən(aldığım xəsarətin izi hələ də qalır-K.C.)  oğlana qışqırdığıma görə anam məni o oğlandan üzr istəməyə məcbur etmişdi:”Uşaqdır, bilərəkdən vurmayıb ha, şükür, salamatlıqdır, o səndən də betər qorxub, niyə qışqırmısan” danlağından sonra utanıb üzr istədiyim, adı Azər olan o oğlanın mənə baxanda üzündəki ifadənin kinayə olduğunu illər sonra dərk elədim. O vaxt ağrıdan yox, utandığımdan ağlamışdım-bir oğlana qışqımışdım, deyə… Çıxartdığım NƏTİCƏ: Demək, hətta canını ağrıtsa belə, qışqırmaq, irad bildirmək olmazmış…

İlk haqsızlığa orta məktəbdə uğradım. Məktəbdə kimya müəllimimin “sən onsuz da, jurnalistikaya imtahan verəcəksən, kimyadan 5 nəyinə lazımdır” ironiyası ilə qiymətimi “kəsməyinə” dözməyib uca səslə etiraz edəndə məktəbə çağrılan atamın məni müdafiə etməsini gözlədiyim halda, “qələt eləyib, başını da daşa döyüb, özüm evdə cəzasını verəcəm” vədi, obyektivliyə çağırış cəhdimi boğdu. Çıxartdığım NƏTİCƏ: Sənə nə deyirlər, desinlər, müəllimə, müdirə, rəhbərə, səndən böyüklərə etiraz etmək olmazmış…

Universitetdə mənim qəbul edilməli olduğum qrupa eyni bal toplamağımıza rəğmən, başqasını qeydiyyata saldılar. Prezidentə, Təhsil nazirinə teleqram vurdum, haqqım olanı geri almaq niyyətindəydim. Yenə yanlış imişəm. Mənim yerimə tələbə adı verilən o qız əlil imiş, ona hörmət eləməliymişik. Doğrudur, yuxarıdan aşağıya hamıya etdiyim müraciətlər nəticəsini verdi, məni də qeydiyyata aldılar, mən də tələbə oldum, amm çıxartdığım NƏTİCƏ: Lap ovcunun içində tutduğun, sənə məxsus olanı başqasına versələr də, səbr etməliymişəm, hay-küy salmaq olmazmış…

Möhtərəm hakim!

Bu təcrübələr sonrakı illərdə mənə həyatda çox zərbə vurdu. İrəli getmək, karyerada uğur əldə etmək istədim, məndən tələb olunan kriteriyalar anamdan aldığım tərbiyəyə uyğun gəlmədi, yerimdə saya-saya qaldım…

Hardasa uğur qazanmaq üçün bir şans yarananda rəqibimin savadı da, əxlaqı da, davranışı da, təcrübəsi də məndən müqayisə edilməz dərəcədə aşağı oldu, amma onu seçdilər, mənim üzümə də baxmadılar. Anam belə olacağını deməmişdi amma…  

Uşaqlıqda yaxşı səsim vardı, qarabağlı, şuşalı boğazıyla oxuyardım arada. Bir dəfə Bakıdan məktəbimizə gəlib məni müsabiqəyə seçmişdilər. Gəlmədim. Ağladım, etiraz elədim. Mən müğənni olmaq istəmirdim, mənə pis baxardılar, hörmət eləməzdilər. Heç kim sevməzdi, heç nəyim olmazdı birdən. Ən yaxşısı oxumaq idi. Qız uşağını, qadını savadına, biliyinə görə tanıyarlar. Anam elə başa salmışdı… O da doğru çıxmadı, amma…  

Heç vaxt əyilmədim, yaltaqlanmadım, özümə hörmətim o qədər yüksək oldu ki, kiminsə qapısını döyüb özümü təqdim eləmədim, “filan iş mənə uyğundur” kəlməsini söyləməyi özümə sığışdırmadım. Özləri bilir, özləri görür, yaxşını pisdən ayıracaqlar, mənə də layiq olduğum qiyməti verəcəklər,-dedim. Anam da elə demişdi. Olmadı amma. Məni GÖRMƏDİLƏR. Ya da mənə baxan istiqamətlərdə o baxışlarla aramda insan səddi çəkdilər, anamın bir vaxtlar “yol göstər, tərbiyəyə çağır, vicdan öyrət” dediyi adamlar.

İndi sakit, babat dolanışığı olan bir işdəyəm. Evim yoxdur. Arada açıram internetdə şou əhlinə bağışlanan evlərin, villaların lüks maşınların, ancaq şəkildə gördüyüm Avropa ölkələrindəki gəzintilərin görüntülərinə baxıram.   

Fikirləşirəm ki, mən gərək o vaxt Azərlə dalaşaydım, bir daş atıb qaçardım, başı yarılardı, o da yaralanardı…

Mən gərək müəlliməmlə, direktorumla lap pis dalaşaydım, mənə haqsızlıq eləməyə bir də cürət eləməzdilər. Ən azından məktıbi medalla bitirməyim deyə kimyanı bəhanə eləyib attestatımı korlamazdılar…

Mən gərək müğənni olaydım. İndi oturardım villamda, prodüser-menecerlərim də  ətrafımda. İndi qıza, qadına savadına, biliyinə görə hörmət edirlər?..

Möhtərəm hakim!

Mən VALİDEYNLƏRİMİ MƏHKƏMƏYƏ VERİRƏM. Vicdanima, əxlaqıma sığınıb sahib olmadıqlarım üçün, abırıma qısılıb əlimdən alınanlara susduğum üçün, beynimə yeridilən fikirlərə görə özümə bu cəmiyyətdə yer tapa bilmədiyim üçün, mənə verilən tərbiyənin yaşadığım dövrə uyğun gəlmədiyi üçün onlardan mənəvi və maddi təzminat tələb edirəm.

Cəmiyyətin bir üzvü və təxminən, mənimlə həmyaşıd olmağınız səbəbiylə elə sizi də mənim kimi tərbiyə ediblər ehtimalına əsaslanaraq Sizin ədalətli qərar çıxaracağınıza ÜMİD ETMİRƏM.

TARİX: MÜASİR DÖVR

ZƏRƏRÇƏKMİŞ:

Kəmalə CAHİDQIZI

1 ŞƏRH

  1. Teşekkür edirem. Gözel yazıdır! Ferqli ve kreativ yanaşmadır. Bütün sahelerde reallıqlara bu cür yanaşım olsa, hemen “şikayet” etdiyiniz yüksek-exlaqi keyfiyyetleri saxlamaq şerti ile cemiyyetde bir yenilenme baş verer. Mütleq verer! Men buna inanıram!

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN