Metyu Brayza səbrli həmsədrləri istefaya çağırır

0
19

Politoloq: “İndiyədək heç kəs okeanın o tayından Paşinyanı bu cür obyektiv tənqid etməyib”
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza Tiflisdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqlı açıqlama verib. Onun fikirlərini illərdir regiona turist kimi gələn vasitəçilərin qulağına çatdırmaq lazımdır. Metyu Brayza deyir ki,

Ermənistan hökumətinin mövqeyi məzmunlu danışıqlar aparmağa imkan vermir. Bu mövqe Azərbaycan üçün tamamilə qəbuledilməzdir.

Atlantik Şuranın siyasi şərhçisi Metyu Brayza eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyanın qəribə bəyanatlar verdiyini bildirib: “Onun bəyanatları bir-birinə ziddir. Gah deyir Dağlıq Qarabağ müstəqildir, gah da deyir Ermənistanın bir hissəsidir. Mən vasitəçi olsaydım buna açıq şəkildə etiraz edib istefa verərdim. Bu mövqe ilə irəliləyiş əldə etmək mümkün deyil. Bu, ədalətli deyil”.

Azərbaycanlı politoloq Nəzakət Məmmədova “Şərq”ə açıqlamasında vurğulayır ki, Brayza Amerika diplomatları arasında Paşinyana, onun cəfəng ritorikasına ən layiqli qiymət verən obyektiv siyasətçidir. Şərhçi bildirir ki, hər halda, heç kəs okeanın o tayından indiyədək Ermənistan baş nazirini bu cür obyektiv tənqid etməyib:

– Brayza bundan əvvəl də Paşinyanı danışıqları davam etdirmək istəyirsə, ritorikasını dəyişdirməli olduğunu vurğulamışdı. O bildirmişdi ki, Ermənistanda Paşinyana qarşı siyasi qüvvələr çox güclüdürlər, o, mürəkkəb siyasətdə çox zəifdir ki, bu da onu emosionallaşdırıb. Əgər o, danışıqları davam etdirmək istəyirsə geri çəkilməyi, ritorikasını dəyişməyi bacarmalıdır. Brayza dünən verdiyi növbəti açıqlamada da Ermənistanı tənqid edib. Bu da onu göstərir ki, artıq Paşinyanın “demokrat” maskası yırtılıb və o, özünü ifşa edib. Bəzi həqiqətlərin üzə çıxması üçün sadəcə müəyyən zamana ehtiyac var idi və o zaman yetişib. Artıq Amerika ekspertləri də onu tənqid edir. Doğrudur, Brayza hər zaman ədalətli mövqedə olub, lakin hər halda onun da bağlı olduğu mərkəzlər var və bu, ABŞ-da Ermənistan baş nazirinə qarşı olan narazılığın ilkin işartılarıdır və getdikcə artacaq.

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN