OXUYUN VƏ BU YAZIYA “MIZ” QOYUN…Namiq HƏSƏNOV yazır…

2
1088

Bilirəm, bu yazıya “mız” qoyanlar çox olacaq. Ən azı deyəcəklər ki, ayə, qardaş, ağıllı çıxmısan, kimin başına ağıl qoyursan? Vallah incimərəm, desinlər, amma heç olmasa, oxuyandan sonra… Sərlövhəyə baxıb  sadəcə “Like”lamasınlar. Etiraf edim ki, mən burada özümü Gəray bəy kimi qanıma qəltan eləsəm də bu mümkün olmayacaq, çünki kütləvi şəkildə  bu “azara” yoluxmuşuq. Yerindən duran durmayana, vuran vurmayana, oturan qalxmayana, danışan susana, yazan yazmayana, azan azmayana, qazan qazmayana, gülən ağlayana, kökələn arıqlayana, lütlənən geyinənə, şair qələmə, fermer kələmə, bankir sələmə, bir sözlə, yetən-yetənə və yetən-yetməyənə, hətta yetməyən-yetənə də “MIZ” qoyur. Əslində  şumlamaq üçün, oy, bağışlayın, “mız”lamaq üçün əla meydan da var-SOSİAL ŞƏBƏKƏ. Allah heç var eləməsin, çünki bu şəbəkə deyilən yer ki var- dəyər yaratmaq və paylaşmaq üçündür, mənəviyyat zibilliyi deyil…

Bəlkə də dünyada bu mövzuda bizə çatan, improvizasiyası qarlı dağlar aşan, çox ellər dolaşan, ən azı İndoneziyadakı vulkan kimi püskürən ikinci  bir millət yoxdur. Adam dəhşətə gəlmir ey, dəhşət adama gəlir. Ən pisi də odur ki, cahil savadlını, anlamaz qananı, qovan qaçanı (qaçan qovanı yox ha!!!) ittiham edir. İstidə kənddən şəhərə gətirilən qatıq qıcqırıb bankadan dağılan kimi, belələrinin də hərfləri “sözlərdən tökülür”-güclə oxuyub başa düşürsən ki, əcəba, bu ADAM sənə nəyi izah etmək istəyir?!. Fikir qarışıq, cümlə səhv, məntiq yox, amma “MIZ” öz yerində.Hətta mənə bu yazıdakı 1 vergülə, 2 nöqtəyə, 3 dırnağa da lağ eləyə bilərər. Təki MIZ olsun. Amma dostlar, bu addımı atanda fikirləşək ki, adıMIZ, sanıMIZ  və ən azı qayınanaMIZ  var. Düzdür, deyəcəksiniz ki, ideal heç nə yoxdur.Bəli, haqlısınız, İDEAL OLAN YALNIZ YARADANdır. Amma təəssüf ki,indi hətta ONA da “ilişənlər” az deyil.

HAŞİYƏ.Bizdə, yəni Azərbaycanda “mız” sözü bəyənməmək, nöqsan axtarmağa çalışmaq, bəhanə tapmaq, irad tutmaq, qəmiş qoymaq mənasında işlədilir. Amma, Azərbaycan dilinin izahlı lüğətində MIZ- sirkə və başqa turş şeylərin üzərinə qonan xırda milçəyə deyilir, eyni zamanda dilimizin dialektoloji lüğətində Bakı və Şahbuzu əsas götürüb “Ətə milçəx mız salıb” ifadəsini də misal gətirirlər. Vallah, bunu mız qoymaq üçün yox, girdiyim haşiyədən çıxmaq üçün yazdım…

Nə isə…

Yayınmayaq. Arvad ərə, qız anaya, oğul ataya, bacı qardaşa, nəvə babaya(turp misalına oxşamasın) və sağdan sola eyni şeyi oxusaq…Off, ilahi, ən doğma adamlar bir-birinə elə vulqar tənələr vururlar ki…”Mız” ın 1-i 2 qəpik.Özü də öz fikirləri ilə yox haa…Köhnə Azərbaycan filmlərindən sitat gətirməklə-“Xalq, “narod”, Abbasqulu bəy, Kərbalayi, “odur taksi,min get”,”Sizdən adam olmayıb, olmayacaq da”, Ələsgər, Əbülfəzin eşşəyi, Yastı Salman, Maya bacı, Makedon” və sair tipli Siz bilən sitatlara.Sayıb yormayım.Yoxsa deyəcəksiniz ki, “Söz güləşdirirsən a, bacıoğlu”…Vallah, Qazan xanın sözü olmasın, onu anıb, bunu anıb dərd edirəm. Hətta hərdən sovet dövründə baxdımız hind filmlərindəki baş qəhrəmanların valideynlərinin ayağına əyilməsi səhnəsini xatırlayıb nostalji hisslərə qapılıram və Kələntərin sualına Cəlalın cavabı yadıma düşür:”Keçdi o günlər, çoxdan keçdi”…Hara gedirik, niyə gedirik və nəhayət nəyə gedirik? Bu sualın kiçik cavablarından biri də odur ki, evdəkilər bizi biz böyüyüb Miriş olandan sonra görür, onda da çox gec olur. Xoşbəxtlik ardınca qaçdığımız yolda “biz atlı oluruq, tərbiyə piyada” və son nəticədə bizi belə “mız mərəzi” tutur. Əzizlərim, unutmayaq ki, biz azərbaycanlıyıq, ən duzlu zarafatlar da, vallah, elə bizim xalqımıza məxsusdur. Amma əndazə aşılanda, söz yerində olmayanda çox pis görünür. ÇOX PİS.Boynu gödək zürafə, ya da boynu düz dəvə kimi. Bu hər şeydə, hər ölçüdə belədir.

…Dostlar, doğmalar, yadlar.Hamınıza 1az.az-ın səhifəsindən çağırış edirəm.Əl çəkək bu “mız”bazlıqdan, ya da heç olmasa,  bir az  az “mız” qoyaq. Gəlin, bir anlıq televizorları söndürək, kömpüter və telefonlardakı pəncərələri bağlayaq, gözlərimizi yumub(əslində açıb) fikirləşək- Bu nə tərbiyə, nə əxlaqdır, hansı dəyərdir, meyardır? Heç kəs heç kəsi bəyənmir-məşhur bir filosofun dediyi kimi “hamının hamıya qarşı müharibəsi” başlayıb. Vallah, bu gün qoyduğumuz MIZ, sabah balalarıMIZ üçün pis miras olacaq…

Sözüm çoxdur, ancaq yazını tamamlayıram, çünki böyük alınsa, nəinki axıra qədər oxumayacaqsınız, hətta ona da əlavə bir MIZ qoyacaqsınız. Amma ən azı təsəllim budur ki, İMZALAR rybrikasına bunu yaza bildim.

Necə deyərlər, bu da bizim imzaMIZ:

Namiq HƏSƏNOV

2 ŞƏRHLƏR

  1. Bu yazını oxuyanda adamın əhvalı dəyişir. Çalışırıq isti yay günlərində dərddən,sərdən uzaq olub istirahət edək. Amma bu internet başbəlası dağın başındada istirahətimizə mız qoyur. Və ya istirahətimizə mız düşür. Bu telefon uşaqlı, böyüklü hamımızın xarici orqanı kimi (üzr istəyirəm bu ifadəmə görə ki, sonra mız qoymasınlar) sanki bədənə yapışıb. Olmayanda, baxmayanda ya özümüz, yada başqaları mız-mız edir. Sanki nə isə çatışmır. 1az məndə bu yazıya mız qoydum. Çünki hər şeyin düzün yazında əhvalıMIZ pozulur. NarahatçılığıMIZ, əhvalıMIZ, yaşamıMIZ, və sair və ilaxırMIZ düşüncələrimizdən aslıdır.

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN