ÖZÜMÜZ, GÖZÜMÜZ, SÖZÜMÜZ-Namiq HƏSƏNOV yazır…

3
1024

ÖZÜMÜZdən başlayaq. Əslində başlamaq çox çətindir, çünki heç vaxt özümüz olmamışıq. Dövlət Statistika Komitəsindən almadığım məlumata görə, 98.7 faiz belədir. Bir az şişirtdimsə, bağışlayın, amma etiraf edək ki, dağdan uzaq olsa da düzə yaxındır.Güclünün yanında aciz oluruq, gücsüzün yanında aslan.Vəzifəlinin qarşısında Zülümov kimi əyilirik, işsizin yanında əlimizi belimizə qoyub “lom” udmuş quru bəy kimi dik dayanırıq.Hətta, dostlar hərdən “yığışaq, oturaq, elə özümüz olaq ey” deyəndə də özümüz olmuruq.Rəhmətlik babam yaba ilə tayadan ot götürəndə köksünü ötürüb deyərdi ki, zəmanə dəyişib a bala, indi ataların sözü yaxşı işləmir,yağı qurtarıb, dəyişmək lazımdır. Düz deyirmiş, rəhmətlik…Doğrudan da bu gün özgəyə quyu qazanlar özü düşmür, hətta özünə qazdığı quyuya da özü düşmür…Nə isə..Dahilərdən sitat gətirmək və özümü ağıllı göstərmək üçün ağıllı cümlələr fikirləşib mətləbi uzatmaq istəmirəm.Çünki uzun yazıları axıra qədər oxuyan az olur, ya da heç olmur.Ona görə də Nəsibə xanım demişkən ÖZÜMÜZlə bağlı məsələnin “nuxtasını” qoyaq, keçək gözümüzə.

GÖZÜMÜZ qəlbimizin aynası olsa da ayağımızın altını görməyən anlarımız da olur, gözü çıxmış qardaşımızdan öyrəndiyimiz vaxtlarımız da(daha çox öyrənmədiyimiz vaxtlar-N.H) Amma o qədər gözü çıxarılanlarımız var ki, heç birinin oğlunun adı Koroğlu deyil. “Dəli Kür” filmində Cahandar ağa “nə iti gözləri varmış” deyib düşmənin gözünü güllələyir, çünki bir-birilərini “gözləri götürmürdü”. Paşa Qəlbinurun gözündən uzaq-vallah, zaman elə qarışıb ki, eynəyə və həkimə ehtiyac yoxdur, öz gözümüzdə tiri də görürük, şalbanı da.Başqasının yox, aaa…(zarafat kimi də başa düşə bilərsiniz).Hərdən şəhərdə elə hərəkətlərin şahidi oluruq ki, nəinki öz gözlərimiz bərəlir, hətta həmin anda bizə baxan çinlilərin və yaponların gözləri də təəccübdən bizim gözlərimizə oxşayır.Nə isə, yazının bu hissəsindən heç “gözüm su içmədi”. Gələk SÖZÜMÜZün üstünə…

SÖZÜMÜZün 1 qəpiklik qiyməti və kəsəri yoxdur. Nizami, Füzuli,Sabir, Mirzə Cəlil yazdı və dedi-nə oldu, nə dəyişdi? Yenə sözü üzə demirik, gilas da səbətin həmin yerindən tökülür.Bir sözlə, iş yoldaşım demişkən, “sözümüzün boyunu yerə soxmuşuq”. Gənc yazarlar fərqli söz deyir, lağa qoyurlar, qocaları da oxumurlar. Sazla baglı sözə görə Kəramət Böyükçölü az qala xalq düşməni eləmişdilər, Aqşin Yeniseyi də qəliz yazdığına görə başa düşmürlər.Misal gətiriləsi adamlar çoxdur, amma məncə bu qədər yetər.Çünki söz az olanda daha yaxşı təsir eləyir, əgər eləmədisə, əziz oxucu, GÖZünü çək bu yazıdan, SÖZünü de və ÖZünü ver dənizə. Dincəl eyyy…

Namiq Həsənov

3 ŞƏRHLƏR

BİR CAVAB BURAXIN

ŞƏRHİNİZİ DAXİL EDİN!
BURAYA ADINIZI DAXİL EDİN